Ümumdünya “LEGO” Günü

Zəhra İmanova
29/01/2021

Əylənmək hər zaman gözəl və cəlbedicidir. Bəs öyrənmək? Hmm, gəlin, sualı biraz daha maraqlı edək: Bəs əylənərək öyrənmək?

Hər birimiz ətrafımızdakı dünyanı daha yaxşı anlaya bilmək üçün suallarımıza cavab tapmaq, yeni biliklər qazanmaq, öyrənmək istəyirik. Hər yeni bilik bizi daha da həyəcanlandırır. Mən isə sizə həyəcanınızı daha da artıracaq, öyrənmənin ən gözəl yolu olan əylənərək öyrənməkdən, bunun üçün bizim yol yoldaşımız olacaq vasitə olan “LEGO”lar və onların ilhamverici dünyasından bəhs etmək istəyirəm.

Əgər üstünü toz basmış “LEGO” parçalarınız varsa, elə bu gün onları canlandırmaq üçün əla fürsətdir. Bu gün nəsillər boyu orijinallığını itirmədən qalan, hər bir nəsli ilhamlandıracaq fikirləri və bacarıqları özü ilə illərlə dünyanın hər bir yerinə daşımış kiçik, rəngli və əyləncəli fiqurların günüdür! Bəli, 28 yanvar - Ümumdünya “LEGO” Günüdür. 

Vətəni Danimarka olan bu fiqurların tarixi 1930-cu illərə qədər gedib çıxır. Hazırsınızsa, o illərdən bu illərə qədər “LEGO” haqqında var olan maraqlı məlumatlardan bir neçəsi ilə LEGO dünyasındakı səyahətimizə başlayaq!

Məsələn, indi qeyd edəcəyim məlumat ilk başda sizə biraz qəribə gəlsə də, “LEGO”ların yaradıcısının peşəsini öyrəndikdə bunun səbəbi aydın olacaq. İlk “LEGO” parçaları bizim öyrəşdiyimizin əksinə, plastikdən deyil, taxtadan idi. “LEGO”ların yaradıcısının peşəsi də dülgər idi. :)

Maraqlı digər bir nüans isə sonralar plastikdən hazırlanmağa başlayan “LEGO” parçaları ilə günümüzdə istehsal edilənlərlə bağlıdır. Bir əlinizdə nənəniz və ya babanızın uşaqlığından sizə miras qalmış “LEGO” parçanızın olduğunu xəyal edin. Digər əlinizdə isə istehsaldan yenicə çıxmış bir “LEGO” parçanız var. Bir-biri ilə nəsillər fərqi olan bu iki parçanı birləşdirmək istəsəniz, çəkinməyin. Mükəmməl şəkildə bir-biri ilə birləşəcəklər! İndi isə iki yox, altı ədəd “LEGO” parçanızın olduğunu xəyal edin. Bu dəfə onları birləşdirmək istəsəniz neçə fərqli şəkildə bir-biri ilə birləşdirə bilərsiniz bunun cavabını düşünək. 6, 60, 600, 6000, 60000, 600000? Xeyr, heç biri deyil. Hər nə qədər təəccüblü olsa da, nə az, nə çox, 915 milyon fərqli formada altı ədəd “LEGO” parçasını bir-biri ilə birləşdirə bilərsiniz. Bəli, 915 milyon! Maraqlı bir təcrübə aparmaq istəyirsinizsə, sizə təklifim də var. Altı ədəd “LEGO” parçasını yavaşca kənara buraxın. Yenidən qayıdaq nənəniz və ya babanızdan miras qalmış “LEGO” parçası ilə yenicə istehsal olunmuş “LEGO” parçasının yanına. Bizə sadəcə iki ədəd “LEGO” parçası lazımdır. Bunların onsuzda bir-biri ilə mükəmməl şəkildə birləşdiyini bildik, amma neçə fərqli şəkildə? Deyilənlərə görə bu hesab 24 olmalıdır. Yoxlamağa hazırsınız? Mətni sona qədər oxuyub bitirdikdən sonra başlayaq!

Beləliklə, yeni biliklər qazanmanın verdiyi həyəcanı hiss edərək bu bilikləri qazanma yolunun əyləncədən keçdiyi “LEGO” dünyasının qapılarını birlikdə araladıq. Bu dünyaya kiçik səyahətimizin sonunda sizləri də bildiyiniz digər maraqlı məlumatları bizimlə və digər dostlarımızla bölüşməyə, “LEGO” Gününü qeyd etməyə dəvət edirəm. Ehtiyacımız olan şey, bir neçə kiçik “LEGO” parçası və xəyal dünyamızdır. Dostlar, xüsusilə də, ikincisinin sərhəddi yoxdur..

Oxşar yazılar