Robotlardan həyat dərsi

İlhamə Hacıyeva
08/07/2018

Düzdür, bu çox ağlasılmaz səslənə bilər, amma gəlin sizə bir-iki nümunə gətirim. Siz heç fikir vermisiniz ki, bizim bütün həyatımız alqoritmlərdən ibarətdir? Hərdən özümüz də fikir vermədən qarşımıza məqsədlər qoyur, onlara çatmağın yollarını tapmaq üçün isə alqoritmlər qururuq. Məsələn, səhər saat 9-da işə çatmaq üçün əvvəlcə hesablamalıyıq ki, hazırlaşmağa, uşaqları məktəbə aparmağa, sonra işə getməyə, maşını saxlamağa yer tapmağa və s. nə qədər vaxtımız gedəcək. Sonra da buna uyğun olaraq hansı saatda yuxudan oyanacağımıza qərar veririk. Əgər bu alqoritmi düzgün hesablamasaq, çox güman ki, işə gecikərik. Çox vaxt həyatda uğurlu bir iş görmək üçün düzgün alqoritm qurmaq vacibdir. Fərqi yoxdur bunları necə qururuq: eyni zamanda bir neçə işi yerinə yetirməklə, yoxsa bir-birini əvəz edən kiçik tapşırıqlar zənciri kimi, yavaş və ehtiyatla və ya cəsarətlə və risklərə getməklə. Özümüzdə inkişaf etdirməli olduğumuz ən vacib vərdiş məqsəd qoyub ona çatmağın optimal yollarını tapmaqdır. Bu zaman köməyə robotlar çatır. Təsviri İncəsənət Qalereyasında çox vaxt mən öz tələbələrimə qarşılarına bir məqsəd qoyub ona çatmağın yollarını tapmağı tapşırıram. Məsələn, onlar şəhərə gələn suyun qarşısını kəsən daşın yerini dəyişirlər. “Bir qalanın sirri” (1959) filmindəki kimi. Bundan sonra konstruktoru necə yığmaq və daşı aradan götürmək üçün hansı alqoritmləri qurmağa onlar özləri qərar verir. Bu tapşırığı yerinə yetirmək üçün tək bir düzgün yol yoxdur, bu da robotların keçdiyi başqa bir “həyat dərsi”dir. Fikrimcə indiki təhsil sisteminin ən ciddi mənfi cəhətlərindən biri odur ki, uşaqlara bir sıra səhv cavab arasında ancaq bir düz olanını seçməyi öyrədir. Amma gəlin etiraf edək ki, həyatda hər şey elə də idealistik deyil. Biz çox vaxt bir neçə pis çıxış yolu arasında nisbətən yaxşısını seçməli, karlı kompromis tapmalı və ya heç kəsin daha əvvəl ağlına gəlməyən yeni çıxış yolları axtarmalı oluruq. Həyatda ilk sərbəst addımlarını atarkən gənclər yeganə düzgün yolu görmədikdə aciz qala bilirlər. Bu zaman köməyə yenə də robotlar gəlir. Bu zaman uşaqlara sərbəst suallara öyrəşmək üçün bir az vaxt lazım ola bilər və müəllimlər onlara izah etməlidirlər ki, əgər dərhal yaxşı bir çıxış yolu tapa bilməsələr, burada qorxulu heç nə yoxdur. Onlar başa düşməlidirlər ki, ən optimalını tapana qədər səhv çıxış yollarını da yoxlamaq maraqlı və faydalı ola bilər. Uşaqlar bu yanaşmaya uyğunlaşan kimi, həqiqi yaradıcılıq və öyrənmək prosesi sürətlə inkişaf etməyə başlayır. Həm də ki, bütün bu bacarıqları robotlar kimi maraqlı həllərin köməyilə aşılayırıq. Biz “Qalereya”da LEGO Education Mindstorms EV3 robotlarından istifadə edəndə uşaqların marağı və sevinci hədsiz olur. Elə mənim üçün də bu, qarşılıqlıdır.

Oxşar yazılar